Ulu Öndər Heydər Əliyev anıldı
Dekabr ayının 11 – də məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi, valideynlər, həmçinin qonaq qismində 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Təranə Siracova iştirak etdi. Ayrı - ayrı siniflərdən tədbirdə iştirak edən şagirdlər ümummilli liderin həyatından, xalqımız üçün gördüyü işlərdən, dillər əzbəri olan faydalı kəlamlarından danışdılar. Həmçinin şagirdlər Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş şeirlər səsləndirib, kompozisiyalar təqdim etdilər.
Dahi siyasətçi Heydər Əliyevin ölüm gününü xalqımız kədər hissi ilə anır, lakin şagirdlər Ulu Öndərin layiqli davamçıları – prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevadan canlandırdıqları səhnəcikdə nikbinliklə danışdılar. Onların hazırladıqları təqdimatlarda ümummilli liderin yaratdığı müasir Azərbaycan dövlətinin etibarlı əllərdə olması vurğulandı.
Tədbirin sonunda məktəbin direktoru Kərim Abidi çıxış edərək bir daha Heydər Əliyevin Azərbaycan üçün etdiyi xidmətlərdən qısa şəkildə danışdı və tədbirin təşkilatçıları – ingilis dili müəllimi Sitarə Mövsümovaya, dərnək rəhbəri Təranə Kazımovaya, həmçinin iştirakçı şagirdlərə təşəkkür etdi.