8 Mart Beynəlxalq Qadınlar günüdür... "Sirli, sehrli qadınlar".
07.03.2015-ci tarixində məktəbimizdə 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Sirli, sehrli qadınlar" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Tədbirə məktəbimizin direktoru Kəmalə Şıxlinskaya başda olmaqla, məktəbin müəllim heyəti, valideynlər qonaq qismində dəvət edilmişdilər. Tədbiri təşkil edən məktəbimizin ana dili və ədəbiyyat müəllimi Süleymanova Tutu idi.Tutu müəllimənin fənnini tədris etdiyi 5, 6, 7-ci sinif şagirdləri öz maraqlı çıxışları ilə tədbirdə çıxış etdilər. Tədbir iki hissədən ibarət idi: I hissə - "Analar müqəddəs varlıqlardır" adı altında, II hissə - "Sirli, sehrli qadınlar" adı altında keçirildi. I hissədə analara aid mahnılar, şeirlər səsləndi, rəqslər ifa olundu. bu hissədə məktəbin 7a sinif şagirdi Səlimli Asunda öz məlahətli səsi ilə hamını heyran etdi. Bu hissədə şagirdlərin oynadığı kiçik səhnəcik də yaddaqalan oldu. "Məktəbdə" adlı səhnəciyin sonunda bütün şagirdlər adından 7c sinif şagirdi Səlimova Aytac çiçək dəstəsi ilə direktor Kəmalə xanımı təbrik etdi.II hissədə isə vətənpərvər ruhda təşkil olunmuş "Zaman-zaman öz sözünü demiş Azərbaycan qadınları" adlı kompozisiya - 8 qadın obrazını özündə birləşdirərək Azərbaycan qadınlarının tarixən necə qürur mənbəyi olduğunu sübut etdi. Milli paltar geyinmiş şagirdlər - Burlaxatunu, Banuçiçəyi, Nigarı, Həcəri, Tomris ananı, Xurşidbanu Natavanı, əsgər paltarı geyinmiş şagird - Salatın Əsgərovanı, həkim paltarı geyinmiş şagird - Zərifə Əliyevanı bir obraz olaraq çox məharətlə və fəxrlə canlandırdılar və çoxsaylı alqışa səbəb oldular. Tədbirdə Tutu müəllimənin yaradıcılığından olan "Müəllimim", "Anama", "Oğluma" adlı şeirləri də şagirdlərin ifasında səsləndi. Tədbir şagirdlərin Azərbaycan, türk, rus, ingilis, alman dilində dünya qadınlarının təbrikilə və sirli qadınlar adlı əhval-ruhiyyəli mahnı ilə sona çatdı.Sonda məktəbin direktoru Kəmalə xanım çıxış etdi. Kəmalə xanım şagirdlərə və tədbirin təşkilatçısı Tutu müəlliməyə təhsildə və gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. Eyni zamanda belə tədbirlərin şagirdlərin məntiqi təfəkkürünün və dünyagörüşünün inkişafında mühüm rol oynadığını da qeyd etdi.