XOCALISIZ KEÇƏN İLLƏR
26.02.2019-cu il tarixində məktəb kitabxanasının təşkilatçılığı ilə kitabxananın oxu zalında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalısız keçən illər” mövzusunda dəyirmi masa keçirildi. Açılış nitqi ilə çıxış edən kitabxana müdiri Salamova Kəmalə Xocalı faciəsi haqqında ümumi məlumat verərək soyqırımının səbəb və nəticələrindən danışdı, həmin gecə törədilən qanlı olaylar, dinc sakinlərin məruz qaldığı amansız vəhşiliklərdən söz açdı.Kitabxanaçı Əliyeva İradə soyqırım nəticəsində məhv olmuş tarixi abidələrdən, Xocalı ərazisində müxtəlif dövrlərdə törədilən qırğınlardan, qanlı terror aktının xüsusi amansızlıqla həyata keçirilməsindən bəhs etdi. Tarix müəllimi Rüstəmli Fəridə ermənilərin Azərbaycanda yerləşdirilməsi tarixindən, onların bu torpaqları necə mənimsəməyindən tarixi faktlara əsaslanaraq danışdı. Dəyirmi masada Heydər Əliyev Fondunun Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən, ermənilərin müxtəlif illərdə xalqımıza qarşı törətdiyi vəhşiliklərdən və bu kimi faciələrə dünya ictimaiyyətinin biganəliyindən söz açıldı. Bildirildi ki, o gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Sonda iştirakçılar erməni silahlı dəstələrinin və SSRİ-nin 366-cı motoatıcı alayının Xocalıda törətdiyi soyqırımını özündə əks etdirən videoçarxı izləyərək,bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət daşıdığını vurğuladılar.