Son zəng çalındı!
Son zəng birincilərin və XI siniflərin ən yaddaqalan anlarıdır. Hər il olduğu kimi bu il də ənənəmizə sadiq olaraq məzunlarımızı yola salmaq üçün “Son zəng” tədbirinə toplaşdıq. Xüsusi təntənə ilə bəzədilmiş məktəb həyətində al - əlvan geyimli şagirdlər, müəllim və valideynlər, qonaqlar məzunların sevincinə şərik oldular. Respublikamızın himninin səslənməsi ilə başlanan bayram tədbirində məktəbin direktoru məzunları sonuncu zəng və onlardan bir çoxunun yüksək bal toplayaraq tələbə adı qazanmaları münasibəti ilə təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı. Almaz xanım İsmayılova yüksək bal toplayan məzunları və məktəbin ictimai işlərində, bilik yarışmalarında fəal iştirak edərək uğur qazanan məzunlarımızı fəxri fərmanlarla təltif etdi və onlarla fəxr etdiyini bildirdi. Tədbirdə qonaq qismində iştirak edən Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Əliyeva Aytac, şəhid məzunumuz Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı çıxış edərək məzunları təbrik etdilər. Sinif rəhbərləri yetirmələrinə öz arzu və istəklərini bildirdilər.Bir-birindən maraqlı müxtəlif rəqslər, mahnılar, şeirlər tədbiri daha da rəngarəng etdi. Sonunda, gözlənilən an gəlib çatdı. Son zəng çalındı. Sevinci və kədəri bir-birinə qarışan məzunlar 11 il onlara qucaq açan dogma məktəblə vidalaşdılar.