Sən həmişə bizimləsən
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.Ilk dərs saatları ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuşdur. Müəllimlər şagirdlərə bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider haqqında danışaraq bildirdilər ki, bu gün ölkəmiz milli intibahının şərəfli mərhələsini yaşayır. Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən böyük layihələr, Azərbaycanın müasirləşməsi ulu öndərin əsasını qoyduğu yolun davamıdır. Eyni zamanda balaca şagirdlərin düzəltdikləri ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş foto albomlar hər kəs tərəfindən maraqla qarşılandı.
Bununla yanaşı bu gün məktəbimizdə “Sən həmişə bizimləsən” adlı yubiley tədbiri keçirildi. 8b sinif şagirdlərinin ifasında təqdim olunan tədbir Azərbaycanın himni ilə açıq elan olundu. Tarixçilərimizin yaddaqalan çıxışları, maraqlı ifalar, poeziya dəqiqələri sanki izləyiciləri keçmişə, səyahətə apardı.Gözəl rəqslər, mahnılar hər kəsin ürəyincə oldu.
Sonda məktəbin direktoru Almaz xanım İsmayılova çıxış edərək bildirdi ki, bu gün təkcə Azərbaycan yox, bütün Türk dünyası ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edir.Bu münasibətlə hər kəsi təbrik edən direktor dahi şəxsiyyətin keçdiyi şanlı ömür yolundan danışaraq böyüməkdə olan gənc nəsli onun yolunu davam etdirməyə səslədi və qeyd etdi ki, Azərbaycan xalqı hər zaman onu qürur və fəxarətlə anaraq qəlbində yaşadacaqdır.