Bayraq Günü
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.Təbii ki, bu müstəqillik asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Məktəbimizdə bu gün münasibətilə keçirilən silsilə tədbirlər davam etməkdədir. Səhər saatlarında məktəbin həyətində keçirilən tədbirdə məktəbin direktoru Almaz xanım İsmayılova şagird və müəllim heyətini bayram münasibəti ilə təbrik etdi. Müxtlif nominasiyalar üzrə nailiyyətlər qazanmış şagirdlərimizi və məktəbin ictimai işlərində fəal iştirak edən müəllimlərimizi fəxri fərmanlarla təltif edən direktor onları daha da fəal olmağa səslədi. Daha sonra şagirdlərin ifasında bayrağı, vətəni tərənnüm edən şeirlər səsləndi.İlk dərs saatları “Bayraq Günu”nə həsr olundu. Müəllimlər şagirdlərlə bu günün yaranma tarixi, əhəmiyyəti və bayrağımızın müqəddəsliyi barəsində maarifləndirici söhbətlər apardılar. Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Nailənin təşkilatçılığı ilə foyedə keçirilən “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir himnimizin səsləndirilməsi ilə açıq elan olundu. Bayraq haqqında videoçarxın nümayişindən sonra VIII sinif şagirdlərinin ifasında bayrağa həsr edilmiş müxtəlif şeirlər səsləndirildi və mahnılar oxundu. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bizim də borcumuzdur ki, bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni edək, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışaq.