Müstəqillik Günü

Bu gün - oktyabrın 18-i Azərbaycanın Müstəqillik Günü kimi qeyd olunur.XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.Məktəbimizdə bu gün münasibətilə Əmrahova Mehparənin rəhbərliyi ilə ədəbi-bədii gecə keçirildi. Ulu öndərimizin Azərbaycanın müstəqilliyi ilə bağlı dediyi sözlərlə, “Azərbaycan” şeiri ilə açıq elan olunan tədbir çox şən əhval-ruhiyyədə keçdi. Tədbirdə müstəqillik tariximiz, müstəqillik illərində qazandığımız nailiyyətlər diqqətə çatdırıldı. 7-ci və 8-ci sinif şagirdləri Xədicə,Aysel, Fatimə, Ətrabə və Şəfiqənin ifasında milli rəqslər təqdim olundu. Əfsər və Ətrabənin milli ruhda ifa etdiyi mahnılar hamının ruhunu oxşadı.Şagirdlərin ifasında Azərbaycan şairlərinin vətənə, millətə həsr olunmuş şeirləri səsləndi. Tofiq Bayramın “Azərbaycan deyəndə “ şeiri məktəb kollektivinin ifasında slaydfilm şəklində təqdim olundu. Ədəbi-bədii gecəmiz müstəqil Azərbaycanın müstəqil gənclərinin ifasında flaşmobla yekunlaşdı.