Bilik günü

Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəlimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. “Cəngi” musiqisinin sədaları altında 3b sinif şagirdi Niftəliyev Rəfailin “Bayraq” şerini səsləndirməsi və “Şahinlər” tərəfindən bayrağımızın səhnəyə gətirilməsi ilə başlayan tədbir, Əsgərova Aysunun “Azərbaycan” serini söyləməsi ilə davam etdi. “Bilik günü”nə həsr edilmiş tədbirdə məktəbimizin direktoru A.M.İsmayılova şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə etdi. Balaca addımları ilə ilk dəfə məktəbə qədəm basan birinciləri təbrik edən Almaz xanım onlara ilk dərs ilinin uğurlu olmasını və cəmiyyətə xeyirli vətəndaşlar kimi yetişmələrini arzuladı. Tədbirdə Binəqədi qəsəbə Bələdiyyə sədri Aytac xanım və məktəbimizin şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı qonaq oldular. Məktəbin ictimai işlərində xüsusi fərqləndiklərinə görə bəzi şagirdlərimiz fəxri fərmanlarla təltif olundular və qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarımıza Aprel şəhidləri Fəxrəddin Qurbanlı və Emin Bağırova həsr olunmuş “İki ömür bir kitab” kitabı hədiyyə edildi. İlk dərs saatı “Cocuqmərcanlıya qayıdış” mövzusuna həsr olundu.