Son zəng
Son zəng insan həyatının ən yaddaqalan məqamlarından biridir. Tutduğu vəzifəsindən, yaşından, mənsubiyyətindən asılı olmayaraq hər kəs bu unudulmaz günün xatirəsini yaddaşına həkk edir. Hər il olduğu kimi bu il də ənənəmizə sadiq qalaraq sonuncularımızı xüsusi təntənə ilə yola salmaq üçün “Son zəng” tədbirinə toplaşdıq. Bayramsayağı bəzədilmiş məktəb həyətində al - əlvan geyimli şagirdlər, müəllim və valideynlər, qonaqlar onbirincilərin sevincinə, bəzən də, kövrək kədərlərinə şərik olurdular. Respublikamızın himninin səslənməsi ilə başlanan mərasimdə məktəbin direktoru Almaz xanım İsmayılova onbirincilərə ürək sözlərini söyləyərək, onlara qarşıdakı buraxılış və qəbul imtahanlarında uğurlar arzuladı. Onbirincilərin sinif rəhbərləri yetirmələrinə öz arzu və istəklərini bildirdilər.Təqdim olunan müxtəlif rəqslər, mahnılar, şeirlər tədbiri daha da rəngarəng etdi. Nəhayət, gözlənilən an, bəlkə də, onbirincilərin ömrünü uzatmaq istədikləri an gəlib çatır. Son zəng çalındı. Hay – küylü sinif otaqları, qayğıkeş müəllimlər onbirinciləri müstəqil həyata uğurlayırdılar. Onları müstəqil həyatın keşməkeşləri və sınaqları gözləyir. Lakin ümidvarıq ki, məktəbdə aldıqları biliklər, müəllimlərin 11 il boyu öyrətdiyi elm və həyat dərsləri gələcək həyat yollarına işıq salan mayaka çevriləcək. Kövrək notlara köklənsək də inanırıq ki, məzunlarımız məktəbimizin adını daim uca tutacaq, öz uğurları ilə fəxr və qürurumuza çevriləcəklər.