Beynəlxalq Sülh Günü
Sentyabrın 21-də məktəbdə “Beynəlxalq Sülh Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini, biologiya müəllimi Ə.Tarverdiyev 1982-ci ildən bəri bütün dünyada qeyd olunan Sülh günü barədə məlumat verib. Ə.Tarverdiyev bildirib ki, 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, hər hansı zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Daha sonra tarix müəllimi Azər Hüseynov vurğulayıb ki, Dövlət başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir ki, bu gün dünya ölkələri arasında baş verən gərginlik, mübarizə şəraitində Azərbaycan sakitliyini, iqtisadi inkişafını qoruya bilən ölkələr sırasındadır. Sülhə nail olmaq üçün iqtisadi, siyasi gücdən əlavə, ləyaqətli, daxilən vətənpərvər gənclərin olması vacibdir.
Məktəbin tarix müəllimi Quliyeva Samirə xanımda çıxış edərək “Beynəlxalq Sülh Günü” ərəfəsində, yəni 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb. Onu da vurğulayıb ki, Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir: “Bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün sülh xüsusi əhəmiyyət kəsb edir”.