“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib.
17 aprel 2019-cu il tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nərimanov Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.
Yarışda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilə Dəstək Mərkəzinin məsul əməkdaşı Mürsəl Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov İdarəsinin əməkdaşı leytenant Rəşad Bağırlı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabitləri və orta ümumtəhsil məktəblərin hərbi-hazırlıq müəllimləri iştirak etmişlər.
“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 178 saylı məktəbin komandası, II yerə 258 saylı məktəbin liseyin komandası, III yerə isə 291 saylı “Ekologiya” liseyin komandası layiq görülmüşlər.
Yarışda I yeri tutmuş məktəbimizin komandası Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif olunmuşlar.
Eyni zamanda qalib gəlmiş məktəbin komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışlar.
Bu münasibətlə məktəbin direktoru L.H. Hasilova qalib gəlmiş komandamızı təbrik etmiş onlara novbəti mərhələdə uğurlar arzulamışdır.