Heydər Əliyev Mərkəzinə ekskursiya
Martın 5-də məktəbin uşaq birliyi rəhbəri Məmmədova Zəhra, azərbaycan dili və ədəbiyyat müəllimi Behbudova Gülnarənin rəhbərliyi altında VII sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub. Mərkəzin əməkdaşları şagirdlərə qeyri-adi, orijinal quruluşa malik olan bina haqqında məlumat veriblər. Bildirilib ki, müasir Bakının rəmzlərindən biri hesab edilən Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlar ən son texnoloji yeniliklərdən istifadə edilməklə interaktiv formada təqdim olunur. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri məktəblilərdə xoş təəssürat oyadıb.