Beynəlxalq Ana Dili günü

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilmişdir. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lidergHeydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür. “Beynəlxalq Ana Dili günü” mövzusunda 82 № li tam orta məktəbdə təşkil edilən dəyirmi masada məktəbimizin şagirdlərinin fəal iştirak etmələri bu günə olan diqqətimizin böyük təcəssümüdür. Müəllimlərin maraqlı çıxışları, öz biliklərini şagirdlərimiz ilə bölüşmələri və şagirdlər ilə ana dili mövzusunda müzakirələrin aparılması şagirdlərimizə ana dilimizi qorumaq və gələcək nəsillərə sağlam şəkildə ötürməyin hamımızın müqəddəs borcu olduğunu bir daha sübut etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi