Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
"Zəfər Günü" bu gün məktəbimizdə də təntənəli şəkildə qeyd edildi. "Azərbaycan tarixinin zəfər salnaməsi " adlı tədbir keçirdilər. Tədbirə Vətən müharibəsi iştirakçıları Röyal Kazımov, Ələddin Nəbiyev, şəhid xanımı Məlahət müəllimə, Ağsaqqallar Şurasının üzvü Rizvan Rüstəmov, övladları müharibə iştirakçısı olan məktəb müəllimləri dəvət olunmuşdular. Tədbirdə məktəb kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.
Tədbirdən öncə məktəbin şəhidlər üçün ayrılmış guşəsi ziyarət edildi, çiçəkıər düzüldü.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənin azadlığı uğrunda canından keçən igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək açıq elan etdi.
Tədbirin bədii hissəsində şagirdlərimiz rəqslər etdilər, maraqlı səhnəciklər canlandırdılar, şeirlər söyləyib, mahnılar oxudular.