20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Azadlığa gedən yolun zirvəsi” adlı anım tədbiri keçirilib

17 yanvar 2020-ci il tarixdə məktəbdə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Azadlığa gedən yolun zirvəsi” adlı anım tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Tədbirdən əvvəl 6D sinif şagirdləri “Şəhidlər Xiyabanı”nı ziyarət etdilər. Məktəbin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Fizuli Əzizov bu qanlı faciə haqqında məlumat verərək tədbiri açıq elan etdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirildi, mahnılar söyləndi, səhnəciklər nümayiş etdirildi. Nümayiş etdirilən ədəbi-bədii kompozisiyada 6D, 8D, 9D, 11C sinif şagirdləri fəal iştirak etmişdilər. Tədbir boyu fonda 20 Yanvar hadisələrini əks etdirən slaydlar, videoçarxlar nümayiş etdirildi. Tədbirdə həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Fuad Babayev və “Tərəqqi” liseyinin direktoru professor Nasim Abışov da iştirak etmişlər. Onlar çıxışlarında qeyd etmişlər ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet imperiyası ordusu qarşısına sılahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri hər zaman xalqımızın xatirəsində qəhrəman kimi qalacaqdır. Tədbirin sonunda çıxış edən məktəbin direktoru fəlsəfə doktoru Tural Mirzəliyev belə tədbirlərin şagirdlərdə milli qurur hissinin formalaşmasında oynadığı müstəsna roldan danışıb. Tədbirin təşkilatçısı məktəbin ingilis dili müəllimi Şiriyeva Gülşəndir.