“Nizami Gəncəvi ili”nə həsr olunmuş dərslər keçirildi

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021- ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildi.
   
“Nizami Gəncəvi ili” ilə bağlı Prezident sərəncamında bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri kimi Nizami Gəncəvinin tarixi irsinin misilsiz qiyməti verilir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığı vurğulanır. Dahi şairin 880 illik yubileyi şərəfinə bütöv bir ilin məhz onun adına, yaradıcılıq irsinə həsr edilməsi isə ilk dəfədir. “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən tədbirlər böyük mütəfəkkirin tarixi-mənəvi irsinin xüsusilə gənc nəslə aşılanmasında, tarixən mədəniyyət beşiyi olmuş Azərbaycanın mənəvi sərvətlərinin dünyaya Nizami işığında təqdim olunmasında mühüm rol oynayacaq.
  Bakı şəhəri 17 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Məmmədova 8 ”E” və 8 “D” sinif şagirdləri ilə Nizami Gəncəvinin həyat və yaradıcılığı, poemaları, hikmətli kəlamlarının müzakirəsini özündə əks etdirən onlayn dərslər təşkil etmişdir. Dərslərdə Aynurə müəllim N.Gəncəvinin həyat və yaradıcılığı, qələmə aldığı əsərlər haqqında şagirdləri məlumatlandırmışdır. O qeyd etmişdir ki, “Nizami Gəncəvi ili”nin xalqımızın Zəfər ilinə çevrilmiş 2020 - ci ildən sonraya təsadüf etməsi isə xüsusilə əlamətdardır. Biz bu Zəfəri ədalət uğrunda apardığımız savaşda qazandıq. Azərbaycan Ordusu Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gələrək illərdir işğalçı Ermənistanın tanımadığı, tapdaladığı ədaləti bərpa etdi. Milyonlarla soydaşımızın pozulmuş haqlarını, hüquqlarını özünə qaytardı. Əzəli torpaqlarımıza qayıdış üçün yol açdı. Bu torpaqlarda ermənilərin 30 illik xarabazarlıq dövrü bitdi. 44 günlük Vətən müharibəsində xeyir şər üzərində qələbə çaldı.

  Nizami Gəncəvinin əsərlərinin də əsas qayəsində məhz bəşəriyyət üçün bu ali məqsədlər durur. Böyük mütəfəkkir “Xəmsə” sində də, lirik şeirlərində də məhz mütərəqqi ideyaları, inkişaf niyyətlərini təbliğ edirdi. Dağıdıcılığı yox, quruculuğu, nifrəti, insana əzab verməyi yox, onun rifahına çalışmağı önə çəkirdi. Ədaləti, insanpərvərliyi, sevgini, dostluğu, əməksevərliyi, dürüstlüyü, saflığı və s. bu kimi mənəvi keyfiyyətləri insanlığın zinəti kimi göstərir.
  Dərslərdə şagirdlərin Nizami Gəncəvi yaradıcılığından səsləndirdiyi şeirlər dinləndi, video təqdimatlar izləndi və dərs şagirdlərin böyük marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi