Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm sərgisi təşkil olundu

    17 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası dövlət rəmzlərindən olan dövlət bayrağımızın 102 illiyinə həsr olunmuş rəsm sərgisi təşkil olunmuşdur. Şagirdlər sərgi üçün müxtəlif üsullardan istifadə etməklə fərqli bayraq rəsmləri çəkmişlər. Sərgidə şagirdlərin onlayn çəkdikləri rəsmlər də yer almışdır.

  Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

  Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

  Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilib və qaldırılıb. Azərbaycan Bayrağı tarixdə ən şərəfli günlərdən biri 7 dekabr 1918-ci ildə şərqdə ilk demokratik, dünyəvi dövlət olan AXC parlamentinin açılışı zamanı qaldırılıb.

  Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.

  Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. Bizim rəşadətli ordumuz o günü bizə hər an yaxınlaşdırır. Yaşasın Azərbaycan Əsgəri! Yaşasın Azərbaycan! Dövlət Bayrağımız daima yüksəkliklərdə dalğalansın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi