14 iyun 2025-ci il tarixində məktəbimizin həyətində 11-ci sinif şagirdləri üçün "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər, məzunlar və Vətən müharibəsi şəhidlərinin dəyərli valideynləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Açılış nitqi ilə çıxış edən məktəbin direktor səlahiyyətlərini icra edən Valeh İsmayılov məzunlara öz təbriklərini çatdıraraq, onlara uğurlu gələcək və vətənə layiqli vətəndaş olmalarını arzuladı.
Tədbirdə həmçinin şəhid valideynləri, müəllimlər, eləcə də çalışmanın yaş həddinə çataraq pedaqoji fəaliyyətinə vida edən müəllimlərimiz çıxış edərək öz duyğularını və xatirələrini bölüşdülər.
Mərasimin yaddaqalan anlarından biri isə simvolik açarın təqdim olunması oldu. Məktəbin məzunları bu ənənəvi açarı aşağı sinif şagirdlərinə təhvil verərək, məktəb həyatındakı estafeti növbəti nəslə ötürdülər.
Tədbirin sonunda ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək nəticələr əldə edən şagirdlər, Respublika Fənn Olimpiadasının qalibləri, Beynəlxalq Olimpiadalarda uğurla çıxış edən şagirdlər və onların fənn müəllimləri, həmçinin məktəbdə keçirilən tədbirlərdə fəallıq göstərən valideynlər diplom və təşəkkürnamələrlə təltif olundular.
Bu gün səslənən zəng təkcə bir dərsin deyil, uşaqlığın başa çatması və gəncliyə atılan addımın simvoluna çevrildi.
Şagirdlər pilləkənlərdən əl sallayaraq məktəb həyatı ilə vidalaşdılar – baxışlarında minnətdarlıq, addımlarında isə gələcəyə inam vardı.