
23 may 2025-ci il tarixində Xətai rayonu 27 nömrəli tam orta məktəbin rəhbərliyi və 165 nömrəli tam orta məktəbin ev sahibliyi ilə Xətai rayonunun ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların V hesabat konfransı keçirildi.
Konfransda Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsmayılova, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının məsləhətçisi Fidan Əliyeva, 27 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Xatirə Əhmədova, Xətai rayonu Kiçik Akademiya mərkəzinin rəhbəri Namiyə Hacıyeva, 257 nömrəli tam orta məktəbin direktoru Ruslan Nağıyev, Xətai rayon məktəblərinin “Kiçik Akademiya” rəhbərləri, 165 nömrəli məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Məktəbin direktor səlahiyyətlərini icra edən Valeh İsmayılov konfransı açıq elan etdi və o, konfrans iştirakçılarını salamlayaraq bu cür tədbirlərin şagirdlərin elmi potensialının üzə çıxarılması baxımından əhəmiyyətini vurğuladı. Daha sonra söz qonaqlara verildi və onlar çıxış edərək "Kiçik Akademiya"ların təhsildə rolu və şagirdlərin inkişafında oynadığı mühüm roldan bəhs etdilər və iştirakçılara uğurlar arzuladılar.
27 nömrəli məktəb Kiçik Akademiyanın mərkəzi olaraq Kiçik Akademiyanın il ərzindəki fəaliyyətini əks etdirən təqdimat etdi-“Kiçik Akademiya”lar çərçivəsində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıya qoyulan hədəflər haqqında çıxışlar təqdim olundu.
Şagirdlər tərəfindən humanitar, texniki, təbiət və ictimai sahələr üzrə elmi-tədqiqat işləri nümayiş etdirildi və maraqla qarşılandı.
Konfransın bədii hissəsi isə tədbirə xüsusi rəng qatdı. Məktəbimizin şagirdləri Vətənə, elmə və milli dəyərlərə həsr olunmuş şeirlər səsləndirdilər, musiqi nömrələri və rəqs kompozisiyaları təqdim olundu. Bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılandı və konfransa ruh yüksəkliyi bəxş etdi.
Qonaqlar məktəbimizdə yaradılmış yüksək təşkilati mühit və qonaqpərvərlikdən məmnun qaldıqlarını bildirdilər.
165 nömrəli məktəbin kollektivi olaraq konfransda iştirak edən bütün qonaqlara, müəllimlərə və şagirdlərə təşəkkürümüzü bildiririk. Birlikdə daha böyük uğurlara imza atacağımıza inanırıq!