Bir şagirdin uğuru – birgə əməkdaşlıqdan keçir!

14 aprel 2025-ci il tarixində 8-ci sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyi arasında səmimi və faydalı bir görüş keçirildi. Görüşün əsas məqsədi – şagirdlərin dərsə davamiyyəti, təhsil göstəriciləri, məktəbdəki davranış və tərbiyə məsələləri ilə bağlı mövcud vəziyyəti valideynlərlə birgə müzakirə etmək, məktəb-ailə əməkdaşlığını daha da gücləndirmək idi.
Görüş zamanı məktəbin direktor səlahiyyətlərini icra edən Validə Ağalarova açılış nitqi ilə çıxış edərək valideynlərə təşəkkürünü bildirdi, məktəbin təhsil strategiyası, tərbiyəvi yanaşması və qarşıya qoyulan hədəflər haqqında ətraflı məlumat verdi. Direktor qeyd etdi ki, hər bir şagirdin uğuru, onun arxasında dayanan güclü məktəb və ailə dəstəyindən keçir.
Daha sonra məktəbin psixoloqu Həsənova Ulduz çıxış edərək yeniyetmə yaş dövrünün xüsusiyyətləri, bu mərhələdə ailə-məktəb münasibətlərinin rolu və uşaqlarla düzgün ünsiyyət yolları barədə məlumat verdi. Psixoloqun verdiyi praktik tövsiyələr valideynlər tərəfindən maraqla qarşılandı və aktual suallar ətrafında interaktiv müzakirə aparıldı.
Valideynlər, həmçinin övladlarının məktəbdəki inkişafı, dərsə münasibəti və davranışları ilə bağlı ətraflı məlumat alaraq öz fikir və təkliflərini bölüşdülər. Görüş qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda keçdi.
Unutmayaq ki, məktəb təkcə təhsil deyil, həm də tərbiyə ocağıdır. Ailə ilə məktəbin birgə əməkdaşlığı bu missiyanın ən güclü dayağıdır. Bir-birinə arxa duran valideyn və müəllimlər sayəsində övladlarımız daha parlaq bir gələcəyə doğru inamla addımlayacaqlar.