"Aprel döyüşləri" qəhrəmanı - Musazadə Təbriz Taryel oğlunun xatirəsi daim qəlbimizdə yaşayır

2016-cı ilin "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olan məktəbimizin şəhid məzunu -Mayor Musazadə Təbriz Tariyel oğlunun anım günü münasibətilə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi şəhidin ev muzeyini ziyarət etdi. Bu ziyarət şəhidimizin əziz xatirəsini yad etmək, onun vətən uğrunda göstərdiyi qəhrəmanlıqları daha yaxından tanımaq məqsədi daşıyır.
Muzeydə Təbriz Musazadənin şəxsi əşyaları, hərbi forması, döyüş yolu və onun şərəfli həyatını əks etdirən eksponatlar nümayiş etdirilir. Onun igidliyi və vətən sevgisi hər birimizin qəlbində unudulmaz izlər buraxdı.
Bu ziyarət şagirdlər üçün təkcə bir tarixi səfər deyil, həm də vətənpərvərlik dərsi oldu. Biz şəhidlərimizin xatirəsini daim uca tutacaq, onların bizə miras qoyduğu bu Vətəni göz bəbəyimiz kimi qoruyacağıq!
Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru olan Təbriz Musazadə 1981-ci ilin 12 avqust günündə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində anadan olub. 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edən mayor Təbriz Musazadə 2016-cı ilin Aprel döyüşlərinə qatılıb və Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı idarə etdiyi Mi-24 helikopterinin vurulması nəticəsində qəhrəmancasına şəhid olub.
Təbriz Musazadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin. Ruhları şad olsun!
Şəhidlər ölməz, Vətən bölünməz!
#AprelDöyüşləri
#mekteb165