Seminarlar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri üçün təşkil olunmuş seminarlar başa çatıb.

Seminarlarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Mehriban Vəliyeva məktəb direktorlarını salamlayıb və Azərbaycanın ərazi bütovlüyünün bərpasının bizə qürurverici hiss yaşatmaqla bərabər “Böyük Qayıdış”a gedən yolda təhsil işçilərinin qarşısında Azərbaycanın daha işıqlı gələcəyi naminə intellektual, bacarıqlı gənclər yetişdirmək kimi böyük məsuliyyət qoyduğunu bildirib.

Tədrisin təşkilində müasir yanaşmaların tətbiqinin, sinif otaqlarında 45 dəqiqə ərzində səmərəli dərs prosesinin baş tutmasının, öyrətmə və öyrənmə mühitinin təmin edilməsinin ən ümdə məsələ olduğunu diqqətə çatdıran M.Vəliyeva şagirdlərə yaxşı təlim verməklə yanaşı, onları Vətən sevgisi ruhunda tərbiyə etməyin də vacibliyini nəzərə çatdırıb.

Ümumi təhsilin dövlət standartlarına uyğun idarəetmə prinsiplərindən söz açan M.Vəliyeva məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitorinqi, fəaliyyətin düzgün sistemləşdirilməsi məsələlərini daim diqqət mərkəzində saxlamasının zəruriliyini önə çəkib.

M.Vəliyeva hər bir məktəb direktorunun öz fəaliyətinin təhlilini aparmasının əhəmiyyətini vurğulayıb, şagird nailiyyətlərinin artırılması, müəllimlərin sertifikasiyası, monitorinq sisteminin təşkili, valideynlərlə iş və digər müvafiq məsələlərdən söhbət açıb, yeni yanaşmaları, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri diqqətə çatdırıb.

Seminarlarda məktəb direktorunun fəaliyyət rolları, keyfiyyətin idarə olunması mexanizmləri, elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, pedaqoji sənədlərin işlənilməsi, məktəb idarəetməsinin təkmilləşdirilməsi, kadr münasibətlərinin tənzimlənməsi, təminat-təchizat, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, payız-qış mövsümünə hazırlıq, dərslik təminatı, iaşə xidmətinin təşkili, maliyyə tənzimlənməsi, layihələr, olimpiadalar, müsabiqələr və digər müvafiq mövzularda tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda direktorları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, seminarların keçirilməsinin əsas məqsədi idarəetmədə səmərəliliyin artırılmasına və tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi