"Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019 – cu il tarixli F – 66 № - li əmrini əsas tutaraq məktəb üzrə hazırlanmış tədbirlər planına əsasən məktəbin bütün siniflərindən valideynlərin iştirakı ilə 21.02.2019 – cu il tarixdə məktəbin I – II növbə üzrə "Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirildi.
Layihənin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin etməkdən ibarət idi.
Azərbaycanın himni ilə açılan tədbirin giriş sözündə məktəbin direktoru Ruhiyyə İbrahimova valideynləri salamlayaraq bu layihədə iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirdi, daha sonra görülmüş işlər haqqında ümumi məlumat verdi. Müəllim –valideyn əməkdaşlığının şagirdlərin təlim –tərbiyəsindəki mühüm rolunu qeyd edib, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirməyin vacibliyini vurğuladı.
Valideynlər məktəb mühiti ilə, müəllimlər otağı, sinif otaqları, məktəbdə yaradılan sərgilərlə yaxından tanış oldular. Onlar tədris prosesini müşahidə etmək üçün sinif otaqlarına yönləndirildilər.
Sonra valideynlər üçün məktəbin psixoloqu Nigar Rüstəmzadə və direktor Ruhiyyə İbrahimovanın təşkilatçılığı ilə seminarlar təşkil olundu. Seminarda məruzələr dinlənildi, məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Valideynlərin rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.
Seminarın sonunda valideynlər üçün hazırlanmış məktəbin istedadlı şagirdlərindən təşkil olunmuş öz fəaliyyət qrupunun iştirakı ilə konsertə dəvət olundular. Şagirdlərin ifasında bir –birindən gözəl şeir, musiqi və rəqs nümunələri təqdim olundu.