6d sinfi "Bura Vətəndir" adlı ədəbi - bədii gecə keçirdilər.
Hər bir insanın qəlb evində ana kimi müqəddəs, ülvi və şirin bir hiss yaşayır. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Hər bir kəs dünyaya gözünü açdığı ilk anda onu həyata gətirən qadın ananı görürsə, ilk qədəmlərini Vətən torpağında atır və atdıqca da Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Günlər, aylar bir-birini əvəz etdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə, obasına bağlanır. Dağları qürurumuz, çaylan qaynar qanımız, ormanları geniş ürəyimiz olan bir diyarda - Azərbaycan adlı məmləkətdə doğulmaq, yaşamaq, işləmək, yaratmaq, onu kirpik gözü qoruyan kimi qorumaq, sevmək və bu sevgi uğrunda canından belə keçmək hər bir vicdanlı Vətən övladının, hər bir qeyrətli yurddaşımızın məslək işi, fəxarət dünyası, həyat amalı, ömür andıdır. "Dədə Qorqud" filmində gözəl bir epizod var. El ağsaqqalı Dədə Qorqud gəncliyə belə bir nəsihət verir: "Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağa dəyməz, qorumasan, onda da əkib-becərməyə dəyməz". Doğrudan da, gözəl sözlərdir. Vətəni sevmək, onun hər qarış torpağının qədrini bilmək, lazım gələrsə, bu doğma yurd üçün canından keçməyi bacarmaq bizim hər birimizin müqəddəs borcudur. Torpaq - uğrunda ölən varsa, vətəndir.