Azərbaycan əsgərinin şücaəti
Azərbaycan əsgərinin şücaəti sayəsində 30 illik həsrətə son qoyuldu, tarixi ədalət bərpa olundu.
2020-ci ilin sentyabrın 27-də əks həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən Vətən müharibəsi cəmi 44 gün çəkdi və böyük qələbə ilə başa çatdı.
Bu zəfər tariximizin ən mühüm hadisələrindən biridir. Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Düşmən işğal etdiyi torpaqlarımızda onilliklər ərzində güclü istehkamlar qurmuşdu. Ərazinin dağlıq relyefi də əngəl yaradan amillərdən idi. Ermənistan hərbi birləşmələri işğal etdikləri yüksəkliklərdə mövqe qurmuşdular.
Lakin Müzəffər Ali Baş Komandan olan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni tam təslim olmağa məcbur etdi. Azərbaycan əsgərinin şücaəti sayəsində 30 illik həsrətə son qoyuldu, tarixi ədalət bərpa olundu.
Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, yeni qəsəbələr, yeni kəndlər, yüksəkliklər azad edilirdi. Tarixi qələbə qazanan ordumuz, 20-ci əsrin faciəsi adlanan Xocalı faciəsinin qurbanlarının, eləcə də Qarabağ uğrunda həlak olmuş bütün şəhidlərimizin qisasını aldı .
Azərbaycan Müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsüsən də , xalqımızın ləyaqət və qürur rəmzi sayılan Şuşanın işğaldan azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Qarabağ münaqişəsinin uğurlu və ədalətli həll, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Qarabağın tacı olan Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.
İkinci Qarabağ müharibəsi haqqında hələ tarix kitablarinda çox yazılacaq, siyasətcilər çox araşdırmalar aparacaq. Ancaq bu günümüzün hazırkı həqiqəti , reallığı budur ki ,Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.
Vətən müharibəsi dövründə Azərbaycan xalqı Prezidentimizin ətrafında “Dəmir yumruq” kimi birləşərək , sözün əsl mənasında, Böyük xalq olduğunu sübut etdi. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olundu bu möhtəşəm qələbə. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəslərinədək vuruşdu, canlarından keçdi. İllərdir bizi üzən xəcalət hissini fəxarət duyğuları əvəz etdi.
Torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan bu qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazdı.
https://www.facebook.com/104612598171081/posts/180282020604138/?sfnsn=mo