Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdı

Ötən əsrin axırlarında Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə getməyə, dünya ölkələrinə inteqrasiya olunmağa, qloballaşma prosesində fəal iştirak etməyə başladı. Lakin təəssüf ki, gənc müstəqil Azərbaycan dövlətinin istiqlalının elə ilk illərində ona "başçılıq” edən səriştəsiz rəhbərlərin "xidmətləri” sayəsində ölkəmizi bir dövlət kimi məhv olmaq təhlükəsi təhdid edirdi. Daxili və xarici düşmənlərin birgə fəaliyyəti nəticəsində Azərbaycan Respublikası idarəolunmaz vəziyyətə düşmüş, respublikanın ayrı-ayrı hissələrə parçalanması məqsədilə separat hərəkatlar genişlənmiş, cəbhədə Azərbaycan əraziləri bir-birinin ardınca itirilməyə başlamışdı.
1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələrək ölkəni dünyanın siyasi xəritəsindən silinməkdən, bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Dövlətimizin bütün sahələrində əsaslı islahatlara qədəm qoyuldu və inkişafın əhəmiyyətli faktorlarından biri - daxili ictimai-siyasi sabitlik bərqərar oldu.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Beləliklə, bu illər ərzində ölkədə iqtisadi və sosial rifahın gücləndirilməsi, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və islahatlar, xalq-dövlət birliyi, xarici siyasətdə seçilən rasional istiqamət, ordu quruculuğunda qarşıya qoyulmuş məqsədlərə nail olunması digər məsələlərlə yanaşı, həm də Azərbaycan üçün bir nömrəli problem olan Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını hədəfləmişdi.
Lakin Ermənistanın işğalçılıq siyasətinə son qoymaq, eyni zamanda Azərbaycana qarşı digər dövlətlərdən gələn regional çağırışları dəf etmək olduqca mürəkkəb məsələ idi.
Buna baxmayaraq, Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. O həm də sübut etdi ki, Azərbaycan kimi çətin coğrafi mövqedə yerləşən türk-müsəlman dövlətinin taleyi onun liderindən çox asılıdır.