Milli qəhrəmanlarımızı tanıyaq, onları yaşadaq
“Milli qəhrəmanlarımızı tanıyaq, onları yaşadaq” amalı ilə məktəbimizin 3 “B” sinif şagirdləri sinif müəllimi Məlahət Abdullayevanın təşəbbüsü ilə 2016- cı il Aprel döyüşlərində qəhrəmancasına həlak olan Milli qəhrəman Murad Mirzəyevin II Fəxri Xiyabandakı məzarını ziyarət etdilər, qəhrəmanın ailəsi ilə öz evində görüşdülər. Onun döyüş zamanı göstərdiyi bir çox şücaətləri haqqında həyat yoldaşının söylədiklərinə maraqla qulaq asdılar. Milli qəhrəman Murad Mirzəyevin uşaqları ilə həmsöhbət oldular. Milli qəhramanın evindəki güşəsi ilə yaxından tanış oldular. Onun ailəsi ilə xatirə şəkli çəkdirdilər.
Daha sonra balaca məktəblilər Milli Qəhrəmanın xatirəsini əbədiləşdirmək üçün sinif otaqlarında onun həyatını və döyüş yolunu əks etdirən fotoşəkillərdən ibarət guşə düzəltdilər, albom tərtib etdilər.
Təqdimat mərasimində Respublika Veteranlar Təşkilatında ehtiyatda olan polkovnik Adil Haqverdiyev , məktəb rəhbərliyi, valdeyn və şagirdlər iştirak etdilər. Əvvəlcə Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra onun mübarizə yoluna həsr olunmuş videoçarx nümayiş etdirildi.
Sonda üçüncülərə Milli Qəhrəmanın xatirəsini əbədiləşdirmək məqsədi ilə döş nişanları təqdim edildi. Şagirdlərə döş nişanlarını təqdim edən polknik Adil Haqverdiyev döş nişanlarını şərəflə daşımağı, torpaqlarmız uğrunda şəhid olmuş qəhrəmanları unutmamağı və onların xatirəsini hər zaman yad etməyi tövsiyə etdi.