Misli görünməmiş qəddarlıq – erməni vandalizmi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən “Misli görünməmiş qəddarlıq – erməni vandalizmi” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirildi.
İlk görüş Nəsimi rayonu 151 saylı tam orta məktəbdə baş tutdu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı. Giriş olaraq “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədr müavini Yeganə Şirinova iştirakçıları salamladı və sözə başladı. O, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, 151 saylı tam orta məktəbin rəhbərliyinə və bütün təşkilatçılara təşəkkürünü bildirdi və daha sonra əlavə etdi ki, başqa məktəblərdə də yeniyetmə və gənclərlə bu cür görüşlərin sayı çox olsa, gənclərə vətənpərvərlik ruhunun aşılanması və təbliğ edilməsi baxımından daha yaxşı olar.
Daha sonra, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli Ermənistanla sərhəd rayonlarda ermənilərin dinc əhalini, xüsusən uşaqları necə amansızca qətlə yetirdiklərindən danışdı. Emin Həsənli çıxışına davam edərək gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm əhəmiyyətini və onların bu sahədə daha da formalaşması üçün orta məktəblərdə bu cür görüşlərin artmasının labüd olduğunu vurğuladı.
Daha sonra, layihənin eksperti Aytən Kərimova çıxış edərək əvvəlcə, tədbir iştirakçılarını salamladı və layihə haqqında ətraflı məlumat verib tədbiri yekunlaşdırdı. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir: “1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq son dövrdə də ermənilərin törətdiyi dəhşətli uşaq cinayətləri davam edir”.
Tədbirin sonunda məktəblilərə bukletler paylandı.