“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında tədbirlər
151 nömrəli tam orta məktəbdə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında araşdırma və müxtəlif məzmunlu tədbirlər davam edir. Bugünkü tədbirimizin qonaqları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları oldu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Kifayət Tanrıverdiyeva açaraq qonaqları təqdim etdi. Sonra söz nazirliyin Ekoloji təbliğat şöbəsinin məsləhətçisi İbrahim Müseyibova verildi. O, Azərbaycanda 9 milli parkın, 11 qoruğun və 24 yasaqlığın olması, eyni zamanda, bu ərazilərin flora və faunası haqqında geniş məlumat verdi, mövzu ilə əlaqədar müəyyən görüntülər nümayiş etdirdi. Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin məsləhətçisi Məltəm Bəndəliyeva nazirliyin yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında şagirdləri məlumatlandırdı. Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin aparıcı məsləhətçisi Vüsal Cabbarov ərazilərdə aparılan mühafizə işləri haqqında danışdı. Sonda məktəbimizin 1 "A" sinif şagirdlərinin hazırladıqları “Təbiəti qoruyaq” adlı səhnəcik nümayiş etdirildi.