Zirə Mədəniyyət Mərkəzi Eko-Parka ekskursiya
“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” aylığı çərçivəsində “15 aprel Ekoloji biliklər günü” ilə əlaqədar olaraq Bakı şəhəri 151 №-li tam orta məktəbdə fəaliyyət göstərən “Yaşıl Planet” tədqiqatçı bioloqlar briqadası 15 nəfər üzvü ilə məktəbin müəllimlərinin rəhbərliyi altında Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi Eko-Parka ekskursiya etdilər. Zirə Mədəniyyət Mərkəzində briqadanın üzvləri mərkəzin əməkdaşı Elnarə xanım tərəfindən qarşılandı. İlk növbədə şagirdlərə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu “Ürək abidəsi” və İDEA İctimai Birliyi tərəfindən müəyyən edilən Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan 5 növü - ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiri haqda məlumatlar verildi. Sonra briqadanın üzvləri mərkəzdə fəaliyyət göstərən Qalereya - yaşıllıq ərazisi, Fotostudiya, Elektron kitabxana, İDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti, Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə tanış oldular. Art-studiyada gül əkdikdən sonra briqadanın üzvləri Eko-Parkı gəzdilər, Quş parkında olan müxtəlif adda quş növləri və bitkilər onlarda böyük maraq yaratdı. Sonda əyləncə məkanında attraksionlarda əyləndilər və velosipedlərdə mini yürüşlər etdilər. Təbiətin qoynunda onun füsunkar, rəngarəng biomüxtəlifliyini izləmək və əylənərək vaxt keçirmək əyləncələrin ən gözəlidir.