Ekoloji dialoq - “Həyəcan təbili"
“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” aylığı çərçivəsində aprelin 17-də Bakı şəhəri 151 №-li tam orta məktəbdə “Yaşıl Planet” briqadasının üzvlərindən olan 8 "A" sinif şagirdləri H.Mehtiyev və Y.Qasımov tərəfindən “Həyəcan təbili” adlı ekoloji dialoq keçirildi. Dialoqda Azərbaycan Respublikasının əsas ekoloji problemləri olan su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması, yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, kanalizasiya xətlərinin azlığı, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi, münbit torpaqların deqradasiyaya uğraması, biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, o cümlədən balıq ehtiyatlarının azalması səbəbləri ətrafında müzakirələr apararaq, təbiətin komponentlərinə, insanın təbiətə təsirinə, ekoloji problemlər və onların həlli yollarına, ekoloji tərbiyəyə diqqət yönəltməyə çalışdılar. Briqadanın digər üzvləri də müzakirələrdə iştirak edərək belə bir fikrə gəldilər ki, canlı təbiətin onun bütün müxtəlifliyi ilə qorunub saxlanması yalnız dövlətin deyil, hər bir insanın borcudur.