1 aprel – Beynəlxalq quşlar günüdür
Məlum olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində 2016-2017-ci tədris ilində "Ekoloji aylıqlar" layihəsi çərçivəsində aprel ayı "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusuna həsr edilmişdir. Bununla bağlı, Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə bir sıra tədbirlərin həyata keçirilməsinə start verildi. Planetimizin biomüxtəlifliyi özündə bir çox canlı orqanizmləri cəmləşdirir. İstiqanlı, lələk örtüyü olan, onurğalı heyvanlar - quşlar da biomüxtəlifliyin bir hissəsidir. Quşların populyasiyalarının sayının azalması planetimiz üçün dönüşü olmayan nəticələrə gətirib çıxara bilər. Buna görə də 1 aprel "Beynəlxalq quşlar günü" kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd quşların yaşayış sahələrinin ekoloji problemlərinə cəmiyyətin diqqətinin cəlb olunması, quşların populyasiyalarının sayının azalmasının qarşısının alınmasıdır. Bu məqsədlə, məktəbimizdə yeganə lələk örtüyü olan heyvanlara diqqət və maraq yaratmaq üçün ornitologiya - quşları öyrənən elm sahəsi, quşların təbiətdə və insan həyatında rolu, "Beynəlxalq quşlar günü"nün tarixi haqqında məlumatlar verildi, quşlara qarşı qayğıkeş münasibət və davranış hissləri aşılandı. Sonda şagirdlərin hazırladıqları quş yuvaları məktəbyanı sahədəki ağaclara asıldı.