“Ana dilimizi sevək”
21 fevral 2017-ci il tarixdə Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana dili gününə həsr edilmiş “Ana dilimizi sevək” adlı tədbir keçirildi. Tədbirdə məktəbin ədəbiyyat müəllimi Solmaz Süleymanova cıxış edərək ən qiymətli və milli sərvətimiz olan ana dilimizin gözəlliyi haqqında geniş məlumat verdi. VIII sinif şagirdlərinin iştirakı ilə N.Gəncəvinin “Xeyir və Şər” poemasından səhnələşdirilmiş parçalar ifa olundu. Dördüncülərin iştirakı ilə doğma dilə aid şeirlər söylənildi və mahnılar ifa olundu. 1b sinif şagirdlərinin çıxışı daha böyük maraq doğurdu. Onlar “Tık-tık xanım” nağılının qəhrəmanlarını kuklalarla nümayiş etdirdilər, “Meyvələrin bəhsi” nağılını söylədilər. Tədbir boyu bir daha şagirdlərə ana dilini sevməyin zəruriliyi aşılandı. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.