"20 Yanvar – Azadlığa gedən yolun zirvəsi" adlı ədəbi-bədii kompozisiya
Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarını yad etmək, gənclərdə vətənpərvərlik hissini yüksəltmək məqsədi ilə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar sinif təşkilat saatlarında şagirdlərlə söhbətlər aparıldı, mühazirələr dinlənildi. IX-XI sinif şagirdlərinin iştirakı ilə "20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi" mövzusunda dəyirmi masa keçirildi. 19.01.2017-ci il tarixdə "20 Yanvar – Azadlığa gedən yolun zirvəsi" adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Məktəbin tarix müəllimi Murad İsmayılov çıxış edərək Vətənimizin şərəfi, xalqımızın azadlığı uğrunda qurban gedən şəhidlərimizin xatirəsinin hər zaman olduğu kimi bu gün də əziz tutulduğunu qeyd etdi. Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar faciəsindən iyirmi yeddi il ötməsinə baxmayaraq, o məsum gecənin doğurduğu matəm acısı unudulmamışdır. Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər dinlənildi, mahnılar ifa olundu. Azərbaycanın hüzn dolu bu günü, tarixdə Qara Yanvar kimi yazılmış 20 Yanvar faciəsi bir də yaddaşlarda səhifələndi. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olmuş övladlarımızin xatirəsi ehtiramla yad edildi. 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar X-XI sinif şagirdlərinin iştirakı ilə "Vətən şəhidləri ilə ucalır" mövzusunda inşa yazı müsabiqəsi keçirildi, "Qanlı şənbə gecəsi rənglərin dilində" adlı rəsm sərgisi təşkil edildi. Yuxarı sinif şagirdlərinə 20 Yanvar faciəsi ilə əlaqədar film nümayiş etdirildi. I-XI siniflər üzrə 20 Yanvar faciəsi ilə əlaqədər divar qəzetləri buraxıldı, məktəbin foyesində foto-stend hazırlandı və güşə yaradıldı. Məktəbin bir qrup şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edildi. Biz fəxr edirik ki, azadlıq yolunda özünü qurban vermiş şəhidlərimiz var. Onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizidə daim yaşayacaqdır!