VIII “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı
Şuşada Bülbülün ev-muzeyinin həyətində təşkil olunan VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk olaraq Xalq artisti Mənsum İbrahimovun ifasında “Qarabağ” mahnısı dinlənilib.
Müsabiqənin münsiflər heyəti iştirakçılara təqdim olunub. Münsiflərə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.
Müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.
Məktəbin X ”C” sinif şagirdi Həmzəyeva Aydan Vüsal qızı həmin müsabiqədə iştirak edərək müsabiqənin final mərhələsində “Diplomant” adına layiq görülmüşdür.
Məktəb kollektivi adından onu təbrik edir, yeni - yeni uğurlar arzu edirik .