"Xarıbülbül" inşa yazı müsabiqəsi keçirilmişdir
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi IX−XI sinif şagirdləri arasında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” adlı inşa müsabiqəsinin yekunlarına dair tədbir keçirmişdir. Monitorinq Mərkəzinin əməkdaşları, dilçi alimlər, ziyalılar, dövlət və özəl qurumların nümayəndələri, qazilər, məktəb direktorları və müsabiqənin qaliblərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir.
Professor Sevinc Əliyeva bildirmişdir ki, ”Xarıbülbül” adlı inşa müsabiqəsinin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə olunan zəfərin şagirdlərdə yaratdığı təəssüratı öyrənmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına müvəffəq olmaq, eləcə də məktəblilərdə düzgün yazı vərdişlərinin qazanılmasına kömək etmək, yazıda ədəbi dil normalarına ciddi əməl olunmasına təşviq etməkdir.
İnşa müsabiqəsinin mahiyyəti və şərtləri haqda ətraflı məlumat verildikdən sonra qaliblər elan edilmişdir. İlk üç yerin qaliblərinə və onların təhsil aldığı məktəbin rəhbərliyinə Fəxri fərman və hədiyyələr təqdim olunmuş, 7 şagird isə inşa müsabiqəsində xüsusi seçildiyinə görə təltif edilmişdir.
“Xarıbübül” inşa müsabiqəsində vətənpərvər ruhda tərbiyə olunmasında birinci yerin qalibi Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 11A sinif şagirdi İsayeva Tuba Murad qızı, ikinci yerin qalibi Bakı şəhəri, Xəzər rayonu 230 №-li tam orta məktəbin 10A sinif şagirdi Kərimzadə Pərvanə Sadiq qızı, 3-cü yerin qalibi isə Bakı şəhəri, Nəsimi rayonu 151 № -li tam orta məktəbin 9A sinif şagirdi Eminli Müjgan Vidadi qızı olmuşdur.