Layihələrdə fərqlənən şagirdlərin səfəri
Məktəblilər Rossotrudniçestvonun dəvəti ilə Moskva şəhərinə səfər etmişlər.
16 avqust 2021-ci il tarixdə olimpiada və yaradıcılıq müsabiqələrinin qalibləri olmuş bir qrup məktəbli Moskva şəhərinə tədris-təhsil səfərindən qayıtmışdır.
Səfər Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin dəstəyi ilə Rossotrudniçestvonun "Salam, Rusiya!" layihəsi çərçivəsində həyata keçirilmişdir.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirlərdə və müsabiqələrdə fəal iştirakı ilə fərqlənən məktəbimizin 11 b sinif şagirdi Günel Salahova və məktəbin rus dili müəllimi Sənubər Almasova səfər iştirakçıları siyahısına daxil edilmişlər.
Səfər iştirakçıları yeddi gün ərzində Rusiyanın paytaxtı Moskva şəhərində və ətraf bölgələrdə əsas görməli yerlər ilə tanış olmuşlar.
48 ölkədən olan nümayəndə heyətləri Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda və Jukovski şəhərində yerləşən Mərkəzi Aerohidrodinamika İnstitutunda gənc alimlərlə görüşmüş, Moskva simfonik orkestrinin məşqlərinə baxmış, məşhur heykəltəraş Leonid Baranovun emalatxanasında olmuş, teatr tənqidçisi, filoloq Qriqori Zaslavski və Rusiya Dövlət Kitabxanasının direktoru Vadim Duda ilə söhbət etmişlər. Onlar, həmçinin, "Helikon-Opera", "Zaryadye" parkı, Qələbə muzeyi, Tarix muzeyi, "Vinzavod" müasir incəsənət mərkəzini ziyarət etmişlər. Nümayəndə heyətləri Moskva Kremlin muzeylərində, Dövlət Tretyakov Qalereyasında, "Kolomenskoye" muzey-qoruğunda, Rusiya Xalq Təsərrüfatı Akademiyasında olmuşlar.
Digər ölkələrdən olan həmyaşıdları ilə birlikdə Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif interaktiv tədbirlərdə, müsabiqələrdə, viktorinalarda iştirak etmişlər.
Tanışlıq gecəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin "vizit kartı"nı təqdim etmişdir. Həmçinin, uşaqlar Azərbaycan milli rəqslərini ifa etmişlər.