Narkomaniyaya yox deyək!
27.05.2016-cı il tarixdə məktəbimizdə həmişə olduğu kimi, şagirdlər arasında maarifləndirməni daha da gücləndirmək məqsədi ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərə narkomaniya, alkoqollu içkilər və bu kimi həyat üçün təhlükəli olan zərərli vərdişlər haqqında geniş məlumat verildi. Tədbirdə Nəsimi Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Vəfa Həsənbəyli, Bakı şəhər Narkoloji Dispanserin həkimi Fəriqə Quliyeva, Nəsimi rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov, Nəsimi rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlar üzrə iş şöbəsinin və Nəsimi rayon 21-ci bölməsinin rəisi, digər polis əməkdaşları, valideynlər və müəllimlər iştirak etdilər. Çıxış edən tədbir iştirakçıları "narkomaniya narkotiklərdən psixi və fiziki asılılıqdır”, “sonu ölümlə nəticələnən xəstəlikdir" söyləyərək gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa səslədilər. Məktəbin direktoru Kifayət Tanrıverdiyeva çıxışında bildirdi ki, narkotik tələdir, bu tələyə bir dəfə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də narkotikdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomanlıq uçuruma aparan yoldur. Məktəbin biologiya müəllimi C.İbrahimova bir daha yeniyetmələrə zərərli vərdişlərdən uzaq olmağı, valideynlərə isə ailədə məhəbbət, inam, təhlükəsizlik atmosferi yaratmaq, övladlarının qayğısı və problemləri, onun daxili aləmi ilə maraqlanmalarını tövsiyə etdi. Məktəbin foyesində rəsm müəllimi S.Əliyevanın rəhbərliyi ilə mövzu ilə əlaqədar çəkilmiş rəsmlərdən ibarət guşə təşkil edilmişdir. Sonda şagirdlərə “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı film nümayiş etdirildi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planının 6.2.4-cü bəndinə uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış bukletlər şagirdlərə paylandı. Unutmamaq lazımdır ki, vətəni yalnız sağlam və güclü gənclərin xidmət etdiyi ordu qoruya bilər!