Ömrün hünər zirvəsi
Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik–leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür.
Polkovnik – leytenant Murad Mirzəyev 2016–cı ildəki aprel döyüşlərində ermənilərin təxribatına qarşı cəsarətli addımlar atmış, Talış kəndi ətrafında yüzlərlə ermənini məhv etmiş, sinəsi düşmən gülləsinə tuş gəlmiş, şəhidlik zirvəsinə yüksəlmiş və Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” fəxri adına layiq görülmüşdür.
Həyatda elə insanlar var ki, qısa ömründə böyük işlər görür, hünər göstərirlər. Murad da belə seçilmiş insanlardan idi.
151 nömrəli tam orta məktəbin 5 “B” sinfi Milli Qəhrəman Murad Mirzəyevin adını daşıyır.
Bu gün onun əziz xatirəsi bir daha anılaraq keçdiyi döyüş yolu yada salındı.
Murad Mirzəyev gənclərimiz üçün, gələcəyimiz üçün vətənpərvərlik nümunəsidir. Həyatda məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağın düşmən tapdığından azad edilməsi idi. Gözün aydın olsun, məzarında rahat yat, əziz qardaşımız. Torpaqlarımız düşmən işğalından azad edildi.
Azərbaycan xalqının qəhrəman oğlu, biz gənclər üçün qəhrəmanlıq, igidlik nümunəsi olduğun üçün daima səni xatırlayıb yad edəcəyik.