Bakı şəhərində "Rusiya və Azərbaycanın şəhərləri" meqalayihəsinin ikinci mərhələsinə start verildi
27 aprel 2016-cı il tarixdə Rusiya informasiya mədəniyyət mərkəzində "Rusiya və Azərbaycanın şəhərləri" meqalayihəsinin ikinci mərhələsinə start verildi. Rusiya nümayəndəliyinin rəhbəri Valentin Denisov, Ümumrusiya Azərbaycan konqresinin mətbuat katibi Nigar Məmmədova və Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimləri assosiasiyasının rəhbəri Lyubov Yakunina meqalayihə iştirakçılarını salamladı. İlk mərhələ 2013-2015-ci illərdə keçirilib. 40 Azərbaycan və 40 Rusiya məktəb şagirdləri bir-biri ilə tanış oldular. Onlar birlikdə internet imkanlarından istifadə edərək Rusiyanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə tanış oldular. İkinci mərhələdə onlar birlikdə Azərbaycanın regionları ilə tanış olacaqlar. Azərbaycan məktəblərinin müəllim və şagirdləri Azərbaycanın şəhər və regionları haqqında prezentasiyalar, stendlər nümayiş etdirdilər. Məktəbimizin müəllimi Sənubər Almasova şagirdlər ilə Xaçmaz rayonu haqqında prezentasiya təqdim etdi. Sonda böyük konsert proqramı baş tutdu. İştirakçılar rus və Azərbaycan milli rəqs və musiqilərini təqdim etdilər. Məktəbimizin şagirdləri bu konsertdə fəal iştirak etdilər. 8b sinif şagirdi Almaslı Cəmilənin "Şənlik" rəqsi, 5b sinif şagirdi Ömərli Nicatın "Çobanlar" rəqsi gurultulu alqışlarla qarşılandı.