"Türk Dünyası Topluluqları Həftəsi"

İzmir şəhərində Türk Dünyası Topluluqları Həftəsi keçirilib.
Aprelin 17-də Türkiyənin İzmir şəhərindəki Qaziəmir Şəhid Sərhad Sığnaq adına peşə liseyində Türk Dünyası Topluluqları Həftəsi qeyd olunub. Tədbirdə Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Bayram tədbiri çərçivəsində məktəblilər birgə “Baharın dastanı ruhu” adlı şou-tamaşa təqdim ediblər. Proqramın davamında Atatürk Mədəniyyət Mərkəzində görüş keçirilib, burada qonaq ölkələrin mədəniyyətlərini əks etdirən stendlər nümayiş olunub.
Açılış mərasimində peşə liseyinin müdiri Əhməd Kaya, Şimali Kipr Cümhuriyyətinin Gimnastika Federasiyasının vitse-prezidenti Həsən Bəsri Aydoğan və Türkmənistandan Mehriban Micukova çıxış edərək türk respublikalarının və xalqlarının birliyinin əhəmiyyətindən danışıblar.
Azərbaycan nümayəndə heyəti arasında Bakı şəhəri 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova da iştirak edib. O, çıxışında Türkiyə-Azərbaycan qardaşlığının əzəli və əbədi olduğundan söz açıb, 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad olunmasında türk ordusunun və Nuri Paşanın misilsiz xidmətlərini xatırladıb.
Tədbirin sonunda məktəblilər müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.Onlar arasında 135 nömrəli məktəbin şagirdləri də rəqs nümayiş etdiriblər.