"Erkən nikaha və  qohumluq əlaqələrinə əsaslanan evliliklərin acı təzahürü" başlıqlı məqalələrimiz

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri şagirdlərimizə "Erkən nikaha və  qohumluq əlaqələrinə əsaslanan evliliklərin acı təzahürü" başlıqlı məqalə ilə müraciət ünvanlayıblar.Müraciətin ünvanlanmasında məqsəd şagirdlərdə erkən nikaha və  qohumluq əlaqələrinə əsaslanan evliliklərin mənfi təsirləri barədə ətraflı məlumat formalaşdırmaq olmuşdur.

Azərbaycan dili və ədəbiyyat müəllimi Əntiqə Ələsgərova

 İstər erkən yaşda nikaha daxil olmaq, istərsə də qohumluq əlaqələrinə əsaslanan evliliklər günümüzdə həllini gözləyən ən aktual problemlərdəndir. Düşünürəm ki, bu mövzü olduqca geniş və əhatəlidir. 
Erkən yaşlarda qızlarımızın ailə həyatı qurması və ya buna məcbur edilməsi onların bir fərd kimi inkişafina, təhsil həyatına, cəmiyyətdə öz sağlam mövqeyini müəyyənləşdirməsinə ciddi təsir göstərir. Təbii ki bu tip evliliklərin cəmiyyətimizə vurduğu zərər bunlarla yekunlaşmır. 
Ailə qurmaq hər bir kəsin haqqıdır. Ancaq bu məsuliyyəti daşıyacaq şəxs həm fizioloji, bioloji, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıdır. Təəssüf ki, erkən nikahlara və ya qohumluq əlaqələri əsasında qurulan ailələrə nəzər saldıqda görürük ki, bu kimi önəmli məqamlar heç də dəyərləndirilməyib.
Bu tip nikahlar əksər hallarda, xüsüsən də valideynlərin təkidi ilə baş tutur. Beynəlxalq standartlara görə uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ancaq bir çox hallarda valideynlərimiz qanuna ziddi  hərəkət edərək övladları üçün bədbəxtlik saçan bir faciənin əsasını qoyurlar. Və bunun nəticəsində özgüvənsiz, həm fikizik, həm də mənəvi cəhətdən zəif, həssas qruplara daxil ola biləcək insanlar formalaşır. 
Sağlam cəmiyyət  üçün sağlam təməllər üzərində qurulan ailələr formalaşdırmaq lazımdır. Buna görə də bacardığımız qədər həm özümüzü, həm də çevrəmizdəki insanları bu mövzu ətrafında maarifləndirib erkən nikaha və qohumluq əlaqələri əsasında qurulan evliliklərə qarşı birlik olmalıyıq. Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir. Gəlin öz şəxsimizdə bir nümunə olaq, bu kimi nikahlara yox deyək!


 Azərbaycan dili və ədəbiyyat müəllimi Əmirli Günay Sahib qızı.
 

Hal-hazırda dövrümüzün ən aktual problemlərindən biri də erkən nikahdır. Erkən nikah çox zaman ailədaxili münaqişələrə, boşanmalara və ya daha ciddi halların yaranmasına səbəbiyyət verir.
     18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır və 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən nikah hesab olunur. Bu isə qanun pozuntusu sayılır.
    Araşdırmalar göstərir ki, uşaqlar erkən yaşda ailə qurmağa psixoloji və fizioloji cəhətdən hazır olmurlar. Ailədaxilində baş verən zorakılıq hadisələri erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.
    Erkən nikah əsasən bu hallarda baş verir:
    1)Müəyyən bir qrup tərəfindən müəyyənləşdirilmiş ənənələrə görə ;
   2)Ailənin maddi vəziyyəti, evliliyin övladına xoşbəxtlik gətirəcəyi fikri;
   3)Qaçırılma halları və s.
    Yuxarıda qeyd olunan bu və ya digər hallar erkən nikaha haqq qazandıra bilməz.
     Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2007-2017-ci illərdə Azərbaycanda 27.447 nəfər insan nikah yaşına çatmamış evləndirilib. 2019-cu ildən etibarən erkən nikahların sayında nisbətən azalma müşahidə edilir. Bu isə sevindirici haldır.
     Erkən nikah sadəcə Azərbaycanda deyil, bir çox ölkələrdə mühüm problemlərdən biridir. Belə ki, hesablamalara görə dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı yaşanır. Bu problem özünü daha çox Afrika və Asiya ölkələrində göstərir.
    Son illərdə Azərbaycanda erkən nikahın qarşısının alınması istiqamətində bəzi işlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə maarifləndirici tədbirlər həyata keçirir.
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli qərarı ilə "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın nəticələrinə dair maarifləndirmə qaydası" təsdiq edilmişdir.
    Hal-hazırda müəyyən hökumət təşkilatları, qurumlar və məktəblərdə erkən nikahın fəsadları barədə maarifləndirici tədbirlər həyata keçirilir.
    Səbəbindən asılı olmayaraq, erkən nikah birmənalı olaraq normal qəbul edilə bilməz. Odur ki, belə hallarla üzləşdiyimiz zaman Dövlət Komitəsinin qaynar xəttinə(860) müraciət edərək erkən nikaha yox deyək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi