Müstəqilliyimiz əbədidir

27.05.2025-ci il tarixdə 28 May Müstəqillik Günü ilə əlaqədar olaraq "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib. Tədbirin açılışından sonra Azərbaycanın müstəqilliyi uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Məktəbin tarix müəllimi Emil Məmmədov Müstəqillik Gününün tarixi haqqında ətraflı məlumat verərək bildirib ki, bu gün işğaldan azad edilən ərazilərdə Azərbaycan Bayrağının dalğalanması AXC-nin əmanətinin qorunduğunu, Azərbaycanın əbədi və dönməz müstəqillik yolunda inamla irəlilədiyini göstərir.
Daha sonra şagirdlər bayram sevinclərini Azərbaycana həsr olunmuş şeir, mahnı, rəqs nömrələri ilə ifadə edərək tədbirə rəngarənglik qatıblar. Tədbirdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin, Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin 28 May Müstəqillik Günü ilə əlaqədar çıxışları, şagirdlərin hazırladıqları əl işləri, plakat və divar qəzetləri nümayiş etdirilib. Tədbirin sonunda məktəbin direktoru Kəmalə Məmmədova tədbir iştirakçılarını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edərək onlara xoş arzularını çatdırıb.