"Milli Musiqi Günü" qeyd olunub

18.09.2019-cu il tarixdə məktəbimizdə “Milli Musiqi Günü”nə həsr olunmuş toplantı keçirilib.

Məqsəd şagirdlərdə bədii-estetik zövqü formalaşdırmaq, onların milli-mənəvi dəyərlərimiz haqqında məlumatlılıq səviyyələrini artırmaq, dünyagörüşünü genişləndirmək, şagirdləri milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub. Toplantıda Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Məktəbin musiqi müəllimi Zinnət Heydərova çıxışında milli musiqimizin tarixindən danışıb. Qeyd edilib ki, 18 Sentyabr Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olduğu gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. 

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” təkcə  Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir.

Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət yüzlərlə xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Azərbaycan Xalq Cümhuriyyətinin himninin musiqisi də bu dahi sənətkara məxsus olub. Bu gün biz ilk himnimizi böyük məhəbbətlə oxuyur və səsləndiririk.

Tədbirin sonunda şagirdlər ”Koroğlu” üvertürasının sədaları altında sinif otaqlarına daxil olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi