FƏXRİMİZ

                                                                  Mirzə Xosrov Axundzadə

Azərbaycanın maarif və mədəniyyət tarixində görkəmli şəxsiyyətlərdən biri də müəllim, metodist, stenoqraf, ədib və ictimai xadim kimi tanınan Mirzə Xosrov Axundzadədir. Mirzə Xosrov Axundzadə Şuşada yarım əsrdən artıq müəllimlik edib.

Xosrov Mirzə Əli oğlu Axundzadə 1889-cu il iyun ayının 13-də Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Atası Mirzə Əli Aşiq Zeynalabdin oğlu şair və gözəl səsə malik musiqişünas idi.

O, xalqımızın sevimli xanəndəsi Cabbar Qaryağdıoğlunun 16 yaşına kimi musiqi müəllimi olub.

Xosrov Axundzadə Şuşada rus-tatar məktəbində oxuyarkən atası vəfat edib. Ailəni maddi cəhətdən təmin etmək çətin olsa da, o, təhsilini artırmağa həvəs göstərib.1905-ci ildə Şuşa şəhər məktəbinin ibtidai sinif müəllimi hazırlayan kursunu bitirib, müəllimlik  etməyə başlayıb.                                                  

1905-1913-cü  ilə  kimi  Şuşa  ibtidai  məktəblərində  (“Nikolayski”,  “ Nəşri - maarif ”), 1913-1920-ci illərdə isə Şuşa şəhər məktəbində müəllimlik edib. 1920-1922-ci illərdə Hacı Yusiflinin I dərəcəli məktəbində müdir və müəllim  vəzifəsində çalışıb, 1922-1928- ci illərdə “Nərimaniyyə” və “Ünas” (qadın) məktəblərində dərs deyib.

Mirzə Xosrov 1923-1932- ci illərdə Xocavənd rayonunun ümumtəhsil məktəblərində dərs deməyə təhkim olunub. 1932-ci ildə ailə vəziyyətinə görə yenidən Şuşaya qayıdaraq müəllimliyini davam etdirib.

Xosrov müəllim 1932-ci ildən 1956-cı ilə qədər Şuşada yeddiillik və orta məktəblərin ibtidai siniflərində fəaliyyət göstərib. 1936-1938-ci illərdə Mirzə Xosrov Şuşa rayonu üzrə ordu sıralarında xidmət etmək üçün savadsız çağırışçılara bir ay müddətində yazıb-oxumağı öyrədib.

Xosrov Axundzadə  eyni zamanda “Çağırışçılar məntəqəsi”ndə müdir vəzifəsində işləyib. O, müəllimlik etməklə bərabər, 1935-ci ildən başlayaraq bir neçə il Şuşa şəhər kütləvi kitabxanasının müdiri vəzifəsində çalışıb. 1956-cı ildə şəxsi təqaüdə buraxılıb.

Qocaman müəllim 1960-cı il may ayının 10-da Şuşada vəfat edib. 

Xosrov müəllim ömrünün 50 ilini maarif sahəsinə həsr edib. Respublikamızın görkəmli alim, ədib, şair, rəssam, musiqişünas, bəstəkar, həkim və dövlət xadimləri arasında Xosrov müəllimin yüzlərlə yetirmələri vardır. Xosrov Axundzadənin pedaqoji fəaliyyəti, onun təcrübəsi hələ sağlığında respublikamızın pedaqoqlarının diqqətini cəlb edib.

Xosrov Axundzadənin elmi-pedaqoji fəaliyyətinə dair yazıları–"Pedaqoji təcrübə və mülahizələrim" adlı kitabda 2000-ci ildə "Maarif" nəşriyyatı, 2-ci nəşri isə 2008-ci ildə anadan olmasının 120 illik yubileyi münasibətilə "Adiloğlu" nəşriyyatı tərəfindən çap olunub. Əsər gənc müəllimlər üçün əhəmiyyətli bir metodik vəsaitdir.

 M.X.Axundzadənin yaradıcılıq fəaliyyətinin bir sahəsi də ədəbi irsimizlə əlaqədardır. Görkəmli pedaqoq 54 il ədəbi yaradıcılıqla məşğul olaraq, ədəbiyyat aləmində "Şaiq" təxəllüsü ilə tanınıb. Xosrov Şaiq ilk şeir təlimini atası Mirzəli Aşiqdən alıb.

XIX əsrin qabaqcıl şair və yazıçılarından olan Xurşud Banu Natəvan, Mir Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə və Üzeyir bəy Hacıbəyovun gənc Xosrova böyük təsiri olub.

M.X.Axundzadə "Qarabağın tarixçisi" kimi də məşhurlaşıb. Xosrov müəllim, ümumiyyətlə, Qarabağ, Şuşa haqqında ən dərin məlumata sahib olub. Buna görə də Şuşanın tarixi ilə maraqlananlar həmişə ona müraciət edər və aydın cavab alardılar. Xosrov Şaiq ömrünün son günlərində böyük diqqət və həvəslə qəzəllərini və şeirlərini bir yerə toplayıb "Məcmueyi-əşarı" əsərinin (şeirlər məcmuəsinin) əl yazmasını xalqımıza nümunə qoyub. 

 M.X. Axundzadənin pedaqoji və ədəbi irsi gənc və gələcək nəsillər üçün dəyərli mənbədir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi