Şagirdlərimiz “Xalq Təhsili” muzeyində

Azərbaycanin təhsil tarixinin öyrənilməsi və təbliği məqsədi ilə şagird və pedaqoji kollektivin Xalq Təhsil Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiyada VII-IX sinif şagirdləri iştirak ediblər. Şagirdlər muzeydə ölkəmizin təhsil tarixi və onun inkişaf mərhələlərini, bu sahədə böyük xidmətləri olan maarif, elm və dövlət xadimlərinin fəaliyyətini işıqlandıran, qabaqcıl müəllimlərin və təhsil müəssisələrinin iş təcrübəsini əks etdirən materiallarla, təhsilimizin dünəni və bu günü haqqında geniş məlumatlarla tanış olublar.
Muzeyin birinci salonunda saxlanılan qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini əks etdirən sənəd və materiallar, VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”, M.T.Sidqinin 1894-cü ildə Naxçıvanda təşkil etdiyi məktəbdən xatirə qalmış qələmdan şagirdlərin diqqətini cəlb edib.
Şagirdlər xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil" guşəsini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materialları, Azərbaycan təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materialları, statistik məlumatları, nəşr nümunələrini, yeni dərsliklər, maketlər və digər eksponatları maraqla izləyiblər.
Onlar muzeydən xoş təəssüratlarla qayıdıblar.