Qəhrəmanlar unudulmur

Bu gün məktəbimizdə Azərbaycan xalqının qəhrəman oğlu, ikinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuş ,,Uzaq sahillərdə” bədii filminə baxış keçirilib.
Filmin nümayiş etdirilməsində məqsəd gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu haqqında şagirdlərin məlumatlandırılmasıdır.
Mehdi Hüseynzadə Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan gəncləri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Şagirdlər Böyük Vətən müharibəsi başlananda müharibəyə yollanan, 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanan və faşistlər tərəfindən əsir alınan, 1943-cü ilin sonlarında bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçaraq Yuqoslaviya və İtaliya partizanlarına qoşulan, “Mixaylo” ləqəbi ilə partizan dəstəsində döyüşən həmyerlimizin qəhrəmanlıq səhnələrini maraqla izləyiblər.