"İnformatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsinin təqdimatı olub

Noyabrın 12-də “Azərbaycanda orta məktəblərin yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsinin təqdimatı olub.
Təqdimatda məktəbimizin informatika müəllimləri Lətafət Allahverdiyeva və Adilə Sultanova istirak ediblər.Onlar bu layihənin iştirakçılarıdır.
Layihə BP və tərəfdaşlarının təhsilin inkişafına və ümumiyyətlə bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstək vermək səylərinin bir hissəsidir. Layihənin məqsədi orta məktəblərin yuxarı sinif şagirdlərinə müasir və rəqabətədavamlı informatika bilikləri və bacarıqları aşılamaq və beləliklə onların yeni qlobal informasiya iqtisadiyyatına inteqrasiyasına kömək etməkdir.
Tədbirdə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihə barədə fikirlərini bildirib, orta məktəblərin şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinin, məktəblilərin informasiya texnologiyaları bacarıqlarının artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir cəmiyyətdə İKT-nin mühüm rolundan danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verdiyini bildirib.
Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Taryel Dövlətov qeyd edilən layihə haqqında ətraflı məlumat verib.
Üçillik layihə çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda informatika təmayüllü orta məktəblər üçün yeni kurikulum və bu sahədə əlavə dərs və tədris vəsaitlərinin hazırlanması nəzərdə tutulur. Bundan əlavə, Bakıdan seçilmiş 25 orta məktəbin 50 müəlliminə ingilis dili, müasir dünyada informatika və onun prinsipləri, informatika mövzuları üzrə təlimlər də keçilir. Həmin müəllimlər yeni hazırlanmış kurikulumun, yeni dərs və tədris vəsaitlərinin ilk tətbiqini öz məktəblərində həyata keçirəcəklər.