Qobustan Dövlət Tarixi- Bədii Qoruğuna ekskursiya

30 oktyabr 2018-ci il tarixdə məktəbimizin 6 q sinfi müəllim və valideynlərin rəhbərliyi ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Ekskursiyanın məqsədi şagirdləri milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, Azərbaycanın tarixi keçmişi haqqında şagirdlərə biliklər vermək, onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir. Burada muzey də fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.
Muzeyin girişində petroqliflər təqdim edilir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında da görmək mümkündür.Məktəblilər muzeyin müasir texnologiyalardan istifadə edilməklə yaradılan sərgi zalı ilə tanış olublar. Sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.
Sonra şagirdlər qoruq ərazisindəki qədim rəsm nümunələrinə baxıblar. Qoruq bələdçisi məlumat verib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Burada 40-dan artıq kurqan aşkar olunub, 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib.
Şagirdlər qoruqda Azərbaycanın qədim mədəni irsi haqqında dolğun bilgilər əldə edərək qədim insanların yaşayışı, həyat tərzi haqqında araşdırmalar aparıblar