Ədəbiyyat muzeyinə ekskursiya

20 aprel 2018-ci il tarixdə məktəbimizin 7 -ci "a" sinif şagirdləri "Oxu həftəsi" çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ekskursiyada oldular.
Onlar Azərbaycan Ədəbiyyatı muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu tarixi yolu maraqla izlədilər. Şagirdlər muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablarla yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri, Təbriz, Ərdəbil ,Gəncə və Bakını əks etdirən maraqlı maket və xalçalarla tanış oldular.Xalçalar içərisində Təbrizin "4 fəsil" xalçası xüsusilə şagirdlərin diqqətini cəlb etdi.
. Ekspozisiya zallarında yeddincilər Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov və bir sıra tanınmış şair və yazıçılara, ədəbiyyatşunaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalarla tanış oldular.
Şagirdlər muzeydə xatirə şəkilləri çəkdirdilər və xoş təəssuratlarla muzeyi tərk etdilər.